Reklam

"BU GENERALLAR ÖZLƏRİNİ MÜHARİBƏDƏ SÜBUT EDİBLƏR" - Müdafiə nazirinin sabiq müavini yeni təyinatlar barədə

Reklam


Mehman Səlimov: "Hamısı türk oğlu türkdürlər, ordunu ən qısa vaxtda tam şəkildə Türkiyə modelinə uyğunlaşdıracaqlar"

Bir həftə əvvəl Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında sərəncamı hələ də cəmiyyətdə geniş müzakirə olunur.

Xatırladaq ki, Ali Baş Komandan tərəfindən ötən il Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük müharibənin ilk həftəsində vəzifəsindən uzaqlaşdırılan Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun yerinə general-leytenant Kərim Vəliyev təyin edilib. O bu təyinata qədər Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Prezident Silahlı Qüvvələrin rəhbərliyində daha bir neçə təyinat aparıb. General-Leytenant Nizam Osmanov Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin edilib.

General-mayor Ənvər Əfəndiyev isə Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.

General-mayor Kənan Seyidov Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini - Qərargah rəisi vəzifəsindən azad edilərək 5-ci Ordu Korpusunun komandiri postuna gətirilib.

Bu təyinatlar cəmiyyətdə əsasən təqdir olunsa da, "suyu bulandırmaq istəyənlər" də az deyil. Generalların Rusiya ali hərbi məktəblərində təhsil alması, uzun illər orduda müxtəlif vəzifələrdə çalışmaları əsas gətirilərək, onlara qarşı müxtəlif istiqamətdə "qara piar" aparılır. Bəs bu iddiaların hansısa əsası varmı?

Azərbaycan müdafiə nazirinin sabiq müavini, hələ MN-də işlədiyi vaxtlardan ordunun Türkiyə modeli əsasında qurulmasının əsas tərəfdarlarından biri kimi tanınan polkovnik Mehman Səlimov "AzPolitika.info"-ya açıqlamasında təyinatlar barədə ətraflı danışıb, bütün suallara aydınlıq gətirib.

"BU GENERALLAR ÖZLƏRİNİ MÜHARİBƏDƏ SÜBUT EDİBLƏR" - Müdafiə nazirinin sabiq müavini yeni təyinatlar barədə

Mehman Səlimov
O vurğulayıb ki, bir vətəndaş, ehtiyatda olan zabit kimi orduda uzun illər arzusunda olduğu kadr təyinatları həyata keçirilib: "Belə yüksək postlara təyinatlar həyata keçirmək üçün həm millətinə, dövlətinə bağlı, həm təmiz, həm də peşəkar olan zabitlər tapmaq asan deyil. Ancaq dövlət başçısı məhz bu çətin seçimi uğurla həyata keçirib. Cənab Prezidentin Kərim Vəliyevi Baş Qərargah rəisi təyin etməsi nəinki Azərbaycan Silahlı Qüvvələrini, eyni zamanda bütün cəmiyyəti məmnun edən bir qərardır. Bir adam deyə bilməz ki, o hansısa "qara işlərlə" məşğul olub. Tam əminliklə deyirəm ki, Kərim Vəliyev bütün fəaliyyəti kristal kimi təmiz olan, zabit şərəfini daim uca tutmuş generallarımızdandir".

M.Səlimov yeni Baş Qərargah rəisini hələ gənclik illərindən tanıdığını, onun da Azərbaycanda Milli ordunun qurulmasında yaxından iştirak etdiyini bildirdi. "SSRİ dağılan vaxt o, Frunze adına Hərbi Akademiyada təhsil alırdı. Təhsilini qiyabi davam etdirməklə yanaşı Azərbaycanda ordu quruculuğunda böyük xidmətləri olub. Mən şəxsən bunun şahidiyəm. Çünki o vaxt mənimlə birlikdə Seyfəli hərbi birləşməsində xidmət edib. Mən komandan, o isə müavin idi. Həm ərazilərimizin qorunmasında, həm də Milli Ordunun qurulmasında çox böyük xidmətləri olub. Gecə-gündüz çalışırdı. Məhz buna görə 1996-cı ildə briqada komandirliyindən birbaşa korpus komandanı təyin etdik. O da bizim bütün ümidlərimizi doğrultdu. Mən həmin zaman hərbi kollegiyanın üzvü idim, çıxış edərək dedim ki, Kərim Vəliyev çalışqandır, peşəkarlığı da kifayət qədərdir. Bunu o, sonrakı illərdəki fəaliyyətilə sübut etdi" - deyə, polkovnik bildirib.
"BU GENERALLAR ÖZLƏRİNİ MÜHARİBƏDƏ SÜBUT EDİBLƏR" - Müdafiə nazirinin sabiq müavini yeni təyinatlar barədə

Kərim Vəliyev
Həmsöhbətimiz Baş Qərargah rəisinin Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu da vurğulayıb: "Mənimlə birlikdə "Fərrux" əməliyyatında iştirak edib. Həmin əməliyyatda da mənim müavinim olub. Həmin əməliyyatda son təyinatlarda müdafiə nazirinin müavini vəzifəsinə gətirilən Nizam Osmanov və Quru Qoşunlarının komandanı təyin edilən Ənvər Əfəndiyev də iştirak edib. Həmin vaxt Nizam Osmanov və Ənvər Əfəndiyev tabor komandirləri idilər. Əməliyyat zamanı Nəcməddin Sadıqov 703 saylı hərbi hissənin komandiri olaraq digər istiqamətdən hücuma keçməli idi. Ancaq bunu etmədi. Düşmən də bunu gördü və biz ağır vəziyyətə düşdük. Bu, əlbəttə, başqa mövzudur. Sadəcə biləsiniz ki, Kərim Vəliyev, Nizam Osmanov və Ənvər Əfəndiyev həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində ön cəbhədə olublar, döyüşüblər. 5-ci Ordu Korpusunun komandiri postuna gətirilən Kənan Seyidov da Vətən müharibəsinin qəhrəmanlarından biridir.
"BU GENERALLAR ÖZLƏRİNİ MÜHARİBƏDƏ SÜBUT EDİBLƏR" - Müdafiə nazirinin sabiq müavini yeni təyinatlar barədə

Nizam Osmanov
Qeyd edim ki, Nizam Osmanov və Ənvər Əfəndiyev Birinci Qarabağ müharibəsindən sonra zabit kimi get-gedə yüksəldilər. Osmanov əvvəl briqada komandanı, sonra korpus komandiri, Əfəndiyev isə onun müavini oldu. Hər ikisi çox peşəkar zabitdir.

Nizam Osmanov İkinci Qarabağ müharibəsində MN-də İdarə rəisi olsa da, korpus komandiri vəzifəsini icra edirdi, ön cəbhədə idi.

Ənvər Əfəndiyev də Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsini tutsa da, Vətən müharibəsi zamanı o da korpus komandiri kimi döyüşlərdə iştirak edib".

Yeni təyin olunanların orduda hansı modelin tərəfdarı olduqlarına gəlincə isə, Səlimov qeyd etdi ki, generalların hamısının keçdiyi yola, hansı mövqedə olduqlarına bələddir: "Hamısı əsl türk oğlu türkdürlər. Deyə bilərəm ki, Baş Qərargah rəisi Kərim Vəliyev də, Nizam Osmanov və Ənvər Əfəndiyev də tam milli kadrlardır. Başqa söhbət ola bilməz. Kənan Seyidov Xüsusi Təyinatla hərbi hissədə komandan müavini-Qərargah rəisi olub. Onlar tam Türkiyə ordusunun proqramı ilə təlim keçirdilər. Yəni elə kadrları seçibilər ki, Prezidentin qeyd etdiyi kimi ordunu ən qısa vaxtda tam şəkildə Türkiyə modelinə uyğunlaşdıracaqlar. Onlar müharibədə özlərini sübut ediblər".
"BU GENERALLAR ÖZLƏRİNİ MÜHARİBƏDƏ SÜBUT EDİBLƏR" - Müdafiə nazirinin sabiq müavini yeni təyinatlar barədə

Kənan Seyidov
Mühüm postlara təyin olunan generalların səriştəsi, hərbi bacarıqları barədə danışan ehtiyatda olan zabit xatırladıb ki, Kərim Vəliyev 90-cı illərin əvvəlində, döyüşlər başlayana qədər baş müəllim kimi Hərbi Məktəbdə dərs deyib: "Sonra Seyfəli hərbi birləşməsini yaratmağa getdik, mən orada onun peşəkarlığına əmin oldum. Ürəyi yanan, qorxmayan, cəsur insandır. Təsəvvür edin, döyüş zamanı mərmilər düşəndə bəzən əsgərlər geri qaçırdılar, amma o, silahı əlinə alıb onları toplayıb yenidən hücuma keçirdi. Sonra Bərdə korpusuna komandan təyin olundu, oradan isə Nazirliyə gətirdilər, burada nazir müavini kimi çox faydalı, səriştəli fəaliyyət göstərdi".

M.Səlimov qeyd etdi ki, generalllar Nizam Osmanov və Ənvər Əfəndiyev də peşəkar, bacarıqlı kadrlar olsalar da, özlərini gözə soxmağı xoşlamayıblar: "Amma hər ikisi peşəkar zabitlərdir. Mən vəzifədə olanda Ənvər Əfəndiyevin də, Nizam Osmanovun da briqadasını yoxlamışam. Onlar həmişə qayda-qanunla işləməyə çalışıblar. Komandir olduqları briqadada hansısa ciddi problemlər olmurdu. Xatırlayıram ki, "Fərrux" əməliyyatında da əsgərlərin qabağında düşmən üzərinə hücuma gedirdilər. Çox zəhmətkeş, işləyən generallardır. Nəcməddin Sadıqov da Nizam Osmanovu məhz buna görə özünə müavin təyin etmişdi. Bununla Nəcməddin həm Baş Qərargahın bütün işlərini ona tapşırıb öz biznesi ilə məşğul olurdu, həm də onu nəzarət altında saxlayırdı. Əslində, Osmanovun postu nazir müavini idi. Amma yeni nazir gələndən sonra Baş Qərargahın səlahiyyəti genişləndi və Osmanovun vəzifəsi də aşağı ranqa salındı. İndi isə Prezident fərmanları ilə həm struktur təkmilləşdirildi, həm də peşəkarlar irəli çəkildi.".
"BU GENERALLAR ÖZLƏRİNİ MÜHARİBƏDƏ SÜBUT EDİBLƏR" - Müdafiə nazirinin sabiq müavini yeni təyinatlar barədə

Ənvər Əfəndiyev
Orduda aparılan struktur dəyişikliyinə, Quru Qoşunları Komandanlığının yaradılmasına münasibət bildirən polkovnik Səlimov maraqlı bir faktı açıqladı. Qeyd etdi ki, Quru Qoşunları Komandanlığı hələ Səfər Əbiyevin dövründən olub: "Amma bu vəzifəyə təyinat aparılmırdı. Bu struktur kağız üzərində var idi, amma reallıqda mövcud deyildi. İndi korpuslar Quru Qoşunlarına tabe olacaq, onun öz strukturu, ştabı olacaq. Müdafiə Nazirliyi isə ümumi işlərlə məşğul olacaq. Səfər Əbiyevin vaxtında, son təyinatlara qədər müdafiə naziri Quru Qoşunların komandanı vəzifəsini də icra edirdi ki, bu da düz deyildi".

M.Səlimov Müdafiə Nazirliyində həyata keçirilən təyinatların və aparılan islahatların Milli Ordunun daha da güclənməsinə səbəb olacağına əmindir: "Hazırda Prezident İlham Əliyevin dediyi kimi Azərbaycanda Türkiyə ordusunun kiçik modeli yaradılır. Son təyinatlar da bu prosesin sürətlə başa çatdırılacağından xəbər verir. Bu istiqamətdə xeyli iş görülüb. Hətta deyərdim ki, müdafiə naziri mülki şəxs təyin olunanda ordumuz tam Türkiyə modelində olacaq. Bu zaman Müdafiə Nazirliyi ordunun təminatı ilə, Baş Qərargah isə hərbi idarəetmə, hərbi təlim-tədrislə məşğul olacaq. Fikrimcə, Türkiyə modeli ən uğurlu variantdır, biz buna çoxdan keçməli idik. Prezidentin bu istiqamətdəki qərarı çox böyük əhəmiyyətə malikdir. Biz bunun əhəmiyyətini gələcəkdə daha çox görəcəyik."

Mehman Səlimov sonda ictimaiyyəti yeni təyinatlara qarşı aparılan "qara piar" kampaniyasına inanmamağa çağırdı: "Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, bu təyinatlar cənab Prezidentin ən uğurlu addımlarından biridir. Kərim Vəliyev çox savadlı, peşəkar, vətənpərvər zabitdir. Eləcə də, Ənvər Əfəndiyev, Nizam Osmanov və Kənan Seyidov... Ordunun rəhbərliyinə belə zabitlərin gətirilməsi əminliklə deməyə əsas verir ki, qarşıda bizi böyük müvəffəqiyyətlər gözləyir".

Rasim Əliyev

"AzPolitika.info"

Rəy yazın