Reklam

Daşınmaz əmlakın qeydiyyatı prosedurları sadələşdirilir: Rəsmiləşdirmələrin sayı kəskin artıb

Reklam

2021-ci ilin altı ayı ərzində dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı 30,2 faiz artıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurun sadələşməsi, vətəndaş məmnunluğunun artırılması, elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

2021-ci ilin yanvar-iyun ayları ərzində 144 558 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb. Bunun 33 129-u ilkin, 111 429-u isə təkrar qeydiyyatdır.

Müvafiq dövrdə mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 21 643-ü fərdi yaşayış və bağ evi, 44 576-sı mənzil, 71 904-ü torpaq sahəsi, 1 645-i qeyri-yaşayış binası, 4 411-i qeyri-yaşayış sahəsi, 363-ü əmlak kompleksi, 16-sı isə çoxmərtəbəli yaşayış binasıdır.

İlin ilk altı ayında 7 533 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 16,6 faiz artıb. Anoloji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 28,3 faiz artaraq 7 653, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 36,4 faiz artaraq 2 260 olub.

Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, qeyri-yaşayış sahəsinin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin altı ayı ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 37,1 faiz artaraq 14 110, mənzillər üzrə 59,5 faiz artaraq 29 111, torpaq sahələri üzrə 35,8 faiz artaraq 64 251, qeyri-yaşayış sahəsi üzrə 58,7 faiz artımla 2 151 təşkil edib.

Ümumilikdə isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 41,9 faiz artaraq 78 508-dən 111 429-a yüksəlib.

Yanvar-iyun ayları ərzində 113 976 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,5 faiz artım deməkdir. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 189 318 arayış (Forma-1) verilib. 2020-ci ilin ilk altı ayı ilə müqayisədə bu növ arayışların sayı 67,9 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 52,5 faiz artaraq 23 224 olub.

Rəy yazın