Reklam

Qənirə Paşayeva pakistanlı deputatları Qarabağa dəvət etdi

Reklam

Fevralın 24-də Azərbaycan və Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videogörüşü keçirilib.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva bildirib ki, Xocalı soyqırımı hər zaman bizim qəlbimizdə bir ağrıdır.

“Çünki erməni silahlı qüvvələri uşaq, qadın, yaşlı demədən bizim soydaşlarımızı qətlə yetirib, ağır işgəncələrə məruz qoyublar. Xocalı şəhəri yer üzündən silinib. Onlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər. Ermənistanın sabiq prezidenti Serj Sarqsyan britaniyalı jurnalist Tomas de Vaalın kitabında bu insanların məhz azərbaycanlı olduğuna görə qətlə yetirdiklərini etiraf edib”, - deyə Q.Paşayeva söyləyib.

Deputat diqqətə çatdırıb ki, əsas məqsədimiz bu soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsidir:

“Bu soyqırımı insanlıq əleyhinə cinayətdir. Dünyanın bu soyqırımını tanıması, həqiqətləri bilməsi üçün qardaş və dost ölkələrə ehtiyacımız var. Bu baxımdan Pakistana təşəkkür edirik ki, bu qardaş ölkə həmişə Azərbaycanın yanında olub. Biz bu mənəvi və siyasi dəstəyin davamlı olacağına inanırıq”.

Qənirə Paşayeva işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin törətdiyi vandalizmi öz gözləri ilə görmələri üçün pakistanlı deputatları ölkəmizə səfərə dəvət edib.

Çıxış edən Pakistan Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun üzvləri xanım Şaza Xavaca, Farrux Xan bildiriblər ki, ermənilərin Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı Pakistan bir sıra bəyanatlarla çıxış edib.

Pakistanlı deputatlar beynəlxalq təşkilatlarda Pakistana verilən dəstəyə görə Azərbaycana təşəkkür ediblər.

Rəy yazın