Reklam

Əbülfəs Qarayev istefa ərizəsində nələr yazıb?

Reklam

26 il istinasız və fasiləsiz mədəniyyət sahəsinə rəhbərlik edən nazirin ətrafında bu cür adamların olması onun birbaşa məsuliyyətidir...


Azərbaycanın uzunömürlü nazirləri çox idi. İndi o siyahıda qalan azsaylı nazirlərdən biri də Əbülfəs Qarayevdir.

Əbülfəs Qarayev 1994-cü ildən 2001-ci ilədək gənclər və turizm naziri, 2001-ci ildən 2006-cı ilədək gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən isə mədəniyyət naziri postunu tutur. Göründüyü kimi, Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirliklərdə dəyişməyən bir “M” hərfi-yəni mədəniyyət sahəsidir. Əbülfəs Qarayev “dövlət tərbiyəsi” görmüş məmurlardandır. Əmək fəaliyyətinə Saatlı rayonundakı orta məktəbdə ingilis dili müəllimi kimi başlayıb. Sonralar Azərbaycan komsomolunda və partiya işində müxtəlif vəzifələrdə çalışıb.

26 ildir nazir işləyən Əbülfəs Qarayev haqda mediada sərt tənqidi yazılar xatırlamıram. Mədəniyyət ölkənin vacib və spesifik sahəsi olsa da, Əbülfəs Qarayev məşhur Qara Qarayevlər nəslinin nümayəndəsi kimi bu ada olan hörməti ictimai davranışları ilə qorumağa çalışıb. Bəlkə də tənqidçi media zamanında həm də tanınmış korifey əmisinə görə onun üzərinə çox getməyib. Hər halda, nazirin uzun ömürlü olmasının səbəblərindən biri də ola bilsin, medianın məsuliyyətidir ki, mədəniyyət nazirinin rəhbərlik etdiyi strukturlara zamanında lazımı diqqət yetirməyib. Yoxsa iş DTX əməliyyatına qədər uzanmaya da bilərdi.

Dövlət başçısı bu gün nazirlikdə tutulan iki nəfər yüksək vəzifəli məmurun işdən çıxarılması barədə sərəncam imzalayıb. Məhkəmə isə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Nazirin Mədəniyyət Nazirliyindəki həbslərə reaksiyasına təəccüblənmədim. Hüquqi baxımdan nazirin yanaşması tam doğrudur.

Nazir DTX-nın həbsləri haqda deyib ki, bir dövlət orqanı başqa bir qurumda əməliyyat keçirib: “Mən indidən geniş nəsə söyləyə bilmərəm. Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”. “Hüquqi dövlət, neqativ, aydınlaşma...”Nazir bu xatırlatmalarda tam haqlıdır, amma ən vacib olanı unudub. Məsuliyyəti! Hüquqi məsuliyyəti demirəm, mənəvi məsuliyyəti yada salıram...

Əbülfəs Qarayevin qısa açıqlaması vizual olmayıb, amma görməsək belə, onun son 48 saatda hansı hislər keçirdiyini bilmək o qədər də çətin deyil. Əgər rəhbərlik etdiyi quruma Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gəlib ən yaxınındakı adamları korrupsiya ittihamı ilə həbs edirsə, papağını qarşına qoyub fikirləşməlisən. Amma bəlkə də fikirləşməkdən də keçib, qərar qarşına qoya biləcəyin ağ vərəq və qələmdədir...

Əgər nazir hüquqi dövlət deyirsə, dərhal istefa vermək də hüquqi və mənəvi baxımdan doğru qərar deyilmi? “Mən Qarayev Əbülfəs, xahiş edirəm ki...” Bunları yazmaq çətin iş sayılmaz, yəqin ki, bunca zaman nazir işlədikdən və baş verənlərdən sonra həm də... Vaxtında həm də alnıaçıq getmək nazir və ya fəhlə olmağından asılı olmayaraq, hamıya yaraşan seçimdir. Əbülfəs Qarayev ona yaraşanı seçəcək əlbəttə ki..

26 il istinasız və fasiləsiz mədəniyyət sahəsinə rəhbərlik edən Əbülfəs Qarayevin ətrafında bu cür adamların olması onun birbaşa məsuliyyətidir. Hələ ki, hüquqi yox, mənəvi məsuliyyətidir. Bu, fəxri titullar almaq üçün adları siyahıya düşməyən adamların etirazı deyil axı, böyük bir təşkilatlanmış korrupsiya şəbəkəsinin DTX səviyyəsində ifşasıdır. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov milyon dollara “Torqovı” da obyekt alır, nazirin bundan xəbəri olmursa, müavini Rafiq Bayramov büdcə vəsaitlərini talayır, mədəniyyət şöbələrinə rüşvət alıb, müdir təyin edirsə və nazirin bundan da xəbəri olmursa...yenə istefaya getmək gərəkdir. Çünki bunları nəzarətdən yayınaraq ediblər, naziri işə həm də işçilərinə nəzarət üçün təyin edirlər...Əbülfəs Qarayev ən azı istintaq dövrünədək vəzifədən çəkilməli, baş verənlərlə bağlı deyəcəkləri varsa, deməlidir.

Mədəniyyət elə bir sahədir ki, hamını razı salmaq çətindir. Əbülfəs Qarayevdən narazılığın ilk ciddi siqnalları 2018-ci il prezident seçkisindən sonra üzə çıxmışdı. Yada salaq ki, Prezidentin ciddi önəm verdiyi turizm sahəsi Əbülfəs Qarayevin rəhbərlik etdiyi sahə idi. 2018-də nazir bu sahəyə nəzarəti itirdi, ayrıca Turizm Agentliyi yaradıldı. Əbülfəs Qarayev isə bundan sonra da lap “kölgəyə çəkildi”.

Görünür, bunu fürsət bilən yaxın ətrafındakı adamlar rüşvətə o qədər “qaz veriblər” ki səsi ta DTX-yadək gedib çıxıb...

Nazim SABİROĞLU,
Musavat.com

Rəy yazın