Reklam

Darıxmışam sənsiz, Şuşam

Reklam

Məlhəmdir yarama qara torpağın,
Çəkilib Mənsur tək dara torpağım,
Alıbdır min yerdən yara torpağım.
Dillərdə olubsan dastan, ay Şuşam,
Darıxmışam sənsiz, gülüstan Şuşam!

Möhtacam möhnətdə qalan elinə,
Ləçəkləri qana batmış gülünə,
Həsrətəm Vaqifin “şirin dilinə”.
Şerdən, muğamatdan bir dastan Şuşam,
Darıxmışam sənsiz, gülüstan Şuşam!

Sanki bir şimşəyəm, çaxa bilmirəm,
Buludam, leysan tək yağa bilmirəm,
Xanın muğamatın duya bilmirəm.
Düşmən caynağında qəm yeyən Şuşam,
Darıxmışam sənsiz, inləyən Şuşam!

Dünyada bir quş da dənsiz olmasın,
Kirsin qayaları çənsiz olmasın.
Heç vaxt bircə anım sənsiz olmasın,
Dərdini yellərə danışan Şuşam,
Darıxmışam sənsiz, pərişan Şuşam!

Tezliklə dönərik muğam selinə,
Üzeyrin, Cabbarın, Xanın elinə,
Həsrətəm mən Xarı bülbül gülünə,
Dillərdə olmusan dastan, ay Şuşam,
Darıxmışam sənsiz, gülüstan Şuşam!

Vüsalında yanan Sevda balandı,
Saf suların çalxalandı, bulandı.
Bu gün yenə yaralarım sulandı.
Əsarət içində saxlanan Şuşam,
Qalx, qalx, dur ayağa, çalxalan Şuşam!

Şuşaya getməyim gəlir

Ömrümün bahar çağıdır,
Amma qəlbim qəm dağıdır.
Qəm tağım – Vətən dağıdır,
Vətənə yetməyim gəlir,
Şuşaya getməyim gəlir.

Xarı bülbüllər açanda,
Kəkotu ətir saçanda
Qartal qıy vurub uçanda,
Gülünü dərməyim gəlir,
Şuşanı görməyim gəlir.

Dağında duman görünür,
Cıdır düzündə sürünür,
Şuşam ağ tülə bürünür,
Dumana batmağım gəlir,
Şuşaya çatmağım gəlir.

Kirs dağı uzaqdan baxır,
Daşaltı çayı lal axır,
Göy gurlayır, şimşək çaxır,
Şimşək tək çaxmağım gəlir,
Şuşaya yağmağım gəlir.

Gözlərimi nəm yıxanda,
Qürbət el məni sıxanda,
Xəzəllər çaya axanda,
Qarqara axmağım gəlir,
Şuşaya baxmağım gəlir.

Qəlbimi həsrətin yeyib,
Məmməd Araz yaxşı deyib:
Əl boyda bir mamır olub,
Daşında bitməyim gəlir,
Şuşaya getməyim gəlir.

Tələsir, dözməyir ürək,
İnsafa gəl, sən də, fələk!
Tanrım, özün eylə kömək,
Vətənə yetməyim gəlir,
Şuşaya getməyim gəlir.

Yaş gözləmir, keçir zaman,
Xan qızının xalı yaman!
Başım üstdən çəkil duman!
Xəyala dalmağım gəlir,
Şuşada qalmağım gəlir.
Əzəldən başı bəlalım,
Yox oldu cənnət, cəlalım,
Şuşamın hüsnü-məlalım,
Yaxından görməyim gəlir,
Şuşaya dönməyim gəlir.

Vaqif məzarın dağılıb,
Natəvan ahu-zar qalıb,
Bülbülə güllə çaxılıb,
Sizlərə dönməyim gəlir,
Şuşanı görməyim gəlir.

Hicran gölündə üzürəm,
Fələk, hökmünə dözürəm.
Qərib ellərdə bezirəm,
Cıdıra qalxmağım gəlir,
Şuşaya baxmağım gəlir.

Həyatın çərxi əyrimi?
Vüsalın üzü bərimi?
Otuz illik dərd sərimi?
Vətənlə bölməyim gəlir,
Şuşada ölməyim gəlir.

Vətənə bağlı gül


( Tehranda “Vətən bağı” saldıran Qarabağın şairə qızı Ağabəyim Ağaya cavab ).

Tehranda yaşadığı müddətdə Qarabağsız, yalnız Şuşada – Cıdır düzündə bitən xarı bülbülsüz darıxan, xarı bülbülün həsrətini çəkən Ağabəyim ağa Şuşadan gətirdiyi güllərdən Tehranda “Vətən bağı” yaratdı. Ağabəyim ağa bu bağı gəzərkən Şuşasızlığı, qəribçiliyi az da olsa, unudurdu. Amma bütün güllər bu bağda bitsə də, xarı bülbül bitmədi ki, bitmədi...
Ağabəyim ağa nisgilli-nisgilli belə bir bayatı deyir:
“Vətən bağı al-əlvandı,
Yox içində xarı bülbül.
Ömür sürməli dövrandı,
Səsin gəlsin, sarı bülbül”.

Vətənin bu gün virandı,
Daha bitmir xarı bülbül.
Gör orda necə dövrandı,
Oxumayır sarı bülbül.

Vəfalıdı xarı bülbül,
Tehranda əkdin, bitmədi.
Elə bağlıydı vətənə,
Şuşadan köçüb getmədi.

Qarabağın şairəsi
Qaşlarını yaman çatıb.
Gəlmir daha bülbül səsi,
Gözəl Şuşan qana batıb.

Şuşa yanır od içində,
Yaralıdı sarı bülbül.
Çəkdiyi ahdı, fəğandı.
Daha bitmir xarı bülbül.

Bir quş olub xarı bülbül,
Köçübdür Cıdır düzündən.
Oxumur Xan əmi, Bülbül,
Qan tökür bülbül gözündən.

Sarı bülbül bağrı qandı,
Gülsüz ürəyi virandı.
Şuşa şəhəri talandı,
Od tutub, tüstü-dumandı.

Sənin dalınca gəlmədi,
Tehranı Vətən etmədi.
Yad torpaqda o bitmədi,
Dəyişmədi yarı bülbül.

Mənim ardımca gəlibdi,
Köç edibdi Balakənə.
Əziz bilib, doğma bilib,
Gəlib sığınıbdı mənə.

Tehranda dözə bilmirdin,
Xarı bülbülsüz gülmürdün.
De, hardasan, xarı bülbül?
Səsin gəlsin barı, bülbül.


Bəs mən indi necə dözüm?
Danışmağa çatmır sözüm.
Mən bu gülü necə üzüm?
Qəriblikdə, xarı bülbül.

“Vətən bağın”da gəzərdin,
“Vətən bağım”da yoxdur heç,
Vətən gülündən üzərdin
Vətən gülüm də yoxdur heç.

Bircə xarı bülbül gəlib,
Başqa gülüm yoxdu burda.
Cıdır düzü də solubdu,
Güllələnib güllər orda.

Onda Şuşan uzaq idi,
Girov olsa, dözərdinmi?
Xarı bülbül uzaq idi,
Gəlsə ora, üzərdinmi?

Xarı bülbül ürəyimdə,
Bəs mən ona necə deyim?
Taleyinlə taleyimdə
Oxşarlıq var, Ağabəyim!

Ayrıldı bülbül gülündən,
Cənnət deyilən elindən.
Qanlar tökülür dilindən,
Dözərdinmi, Ağabəyim?

Sən darıxanda Şuşasız,
Vətən bağında gəzərdin.
Bəs mən qalmışam əlacsız,
Sən mən olsan nə edərdin?!

Gözəl bayatı demişdin,
Tehranda qəribsəmişdin.
Mən qəmdən bayatı deyim,
Sən də eşit, Ağabəyim!

Əzizinəm Qarabağ,
Qəlbimdəki qara dağ,
Aləm cənnətə döndü,
Viran oldu Qarabağ!


Əzizinəm, Qarabağ,
Dağlarında qara bax.
Sənsiz yara bağladı
Qəlbimdəki qara dağ.

Qəm dastanım – Qarabağım,
Gülüstanım – Qarabağım.
Hər tərəfdə çal-çağırdı,
Yan içində Qarabağım,
Qan içində Qarabağım!

XARI BÜLBÜL


Yalnız Şuşada Cıdır düzündə bitən Xarı bülbül adlanan qeyri-adi gül üçün çox qəribsəmişdim. Axı bu gül başqa güllərə bənzəmir, təbiətin möcüzəsidir. Sanki Ulu Tanrı öz qüdrətini bəndələrə sübut etmək üçün yaratmışdı bu gülü. İncə yarpaqlı, mavi rəngli, bənövşəyə bənzər gül və canlı bülbülü xatırladan sarı rəngli, qapqara gözləri, dimdiyi aydınca seçilən, sinəsi isə sanki qana boyanmış bülbül və bir də bülbülün gülü üzərinə qonaraq ona xar eləmək istəyən arı. Bülbül, Gül, Arı. Bu üçlüyə tamaşa etdikcə həmişə düşünürdüm ki, Allah bülbülü və arını canlı yaratdığı kimi cansız da yaradırdmış. Görəsən təbiətin möcüzəsi olan xarı bülbülü görmək bir daha mənə qismət olacaqmı? Elə bil Ulu Tanrı mənim Vətən həsrətli qəlbimin səsini eşitdi. Böyük Qafqazın Zaqatala-Baləkən xarı bülbülə rast gəlmək olarmış. İnana bilmədim təbiətin bu səxavətinə. Qarabağdan köçüb həmin bölgədə məskunlaşdığımız zaman şagirdlərimə bu gül haqqında məlumat vermişdim. Şagirdlərim mənim xarı bülbül və Qarabağ həsrətimi bilirdilər. 1993-cü ilin may ayında sinfə daxil olarkən gözlərimə inanmadım. Müəllim masasının üzərində xarı bülbüllər! Şagirdlərim məni belə sevindirmişdilər. Sanki Şuşada itirdiklərimizin ən qiymətlisini burda tapmış kimi xarı bülbüllə sevincimi, kədərimi, Şuşasızlıq dərdimi bax belə bölüşdüm:

Xarı bülbül, igidlərin qanı hopmuş çiçəyini,
Axı qoyub gəlmişdim Cıdır düzndə mən səni.
Sən bitirdin Şuşada – gül-çiçək dənizində,
İndi qüssə görürüəm sənin solğun bənizində.

Bəlkə quşlar qanadında səni gətirib bura,
Söylə, niyə bülbülün qəlbi boyanıb qara?
De, həsrətmi çəkirdin, sən hara, bura hara,
Yoxsa mənim ardımca gəlibsən uzaqlara

Vəfasızıq, xarı bülbül, səni qoyub gəlmişik,
Göz yaşlarımızla burda gül-çiçək bitirmişik.
...Səndəmi vəfasız oldun, Cıdır düzünü eylədin tərk,
Bizim kimi vəfasız olmayaydın sən gərək.

Top səsindənmi diksindin, ləçəklərin batdı qana,
Yoxsa murdar əlləri istəmədin dəysin sana?
İstəmədin yağı əli dəysin sarı bülbülünə,
Arı qonmaq istəyəndə qıymadın sən gülünə.

Başqa yerdə bitə bilməz deyirdilər xarı bülbül,
Ancaq Şuşanın dağında bitən güldü xarı bülbül.
Vaqifin məzarı söylə, gülsüz qaldı, vəfasız gül?
Babaların ruhu deyil, buna dözməz heç bir könül.

Gül sevəndi, bilirsənmi Xurşudbanu Natəvanım,
Niyə yalqız qoydun onu, ağlar qaldı xanimanım.
Söylə, mənə bir xəbər ver, bizsiz lalə bitirmi?
Şuşanın dağları gül-çiçək yağışında itirmi?
Topxana arxamızca saçın yolub baxırmı?
Saf bulaqlar, şəlalələr şırıldayıb axırmı?

Bəs dağlar kimə qaldı, Şahbulağım, Kirs dağım,
Axı orda keçmiş idi, mənim erkən gənclik çağım.
Söylə, ceyran, cüyür şır-şır bulaqdan içirmi?
Yayda ellər Şuşaya – yaylaqlara köçürmü?

Mənə bir xəbər ver söylə, nə olar?
Həsrətdən yanan könlüm saralıb, solar.
De, tanış cığırlar, o tanış yollar,
Yenəmi millətlə boşalıb-dolar?

Söylə, yerindəmi, Üçmıx, Qızıl qaya,
Qırxpilləkən, Daşaltı, Çanaqqala?
Yolumuzu gözləyirmi Əsgəran qalası?
Yurd yerimizdən, isti ocağımızdan,
Ata yurdumuzdan, təndir yerimizdən,
Sən Allah, ver mənə ümid cığırı,
Gəl götür üstümdən hicranı, dağı.

Arzularım heç yetərmi, xarı bülbül,
Vətənsiz de, gül bitərmi, xarı bülbül?
Soruşmalı dərdlərim çox, xarı bülbül.
Mən söyləyim, sənə dinlə barı, bülbül.
İsa bulağından bircə qurtum su içəydim,
Yayın cırhacırında Şuşaya yaylağa köçəydim,
Al-əlvan gülləri bir-bir dərib biçəydim.

Yeddi dolamanla qaça-qaça çıxaydım,
Yarpızı, nanəni səhər-səhər yığaydım,
Ətrindən doymayıb ürəyimə sıxaydım.
Daha dərdim olmaz idi, xarı bülbül.

Üzdüm səni suallarla, daha bəsdi,
Vüsala yetənlər nə xoşbəxt kəsdi.
Bilirsənmi, çətin olur ayrılığın fərağı?
İstədim ki, səndən alım doğma Vətən sorağı.

Rəy yazın