Reklam

Aqil ABBAS: BU ŞƏHİDLƏR DÜŞMƏNDƏN 2 METR TORPAQ SALDIRA BİLMƏYİBLƏR?!

Reklam

Artıq bir aydan çoxdur Qaradağda yeraltı suların cövlan etdiyi ərazidə dəfn edilmiş 17 şəhidin valideynləri övladlarının nəşinin köçürülməsi üçün döymədikləri qapı, üz tutmadıqları məmur qalmayıb.

Axırda məcbur olub Müdafiə Nazirliyinin qarşısındakı yolu bağladılar. Amma yenə nazirlik uzun müddət bu aksiyanı görməməzliyə vurdu. Nəhayət, nazir müavini, general-leytenant Kərim Vəliyev şəhid valideynlərini qəbul elədi. Nə dedi, nə demədi, bilmirəm, hər halda danışıq baş tutsaydı valideynlər yenidən qəbiristanlığa yığışmaz və hətta gecəni orda qalmazdılar.

Məşhur rus şairi Anna Axmatovanı müharibədən sonra çox incidirdilər, hətta həbs eləmək istəyirdilər. Təbii ki, şeirlərinə görə. O vaxt şairə təxminən belə bir söz demişdi:

- Berlinin küçələrində tank sürən bir dövlət indi zəif bir qadından qorxur, tankları onun sinəsində sürmək istəyir.

İndi Şuşanın küçələrində tank sürən bir Müdafiə Nazirliyi 17 şəhidin valideynlərindən qorxur və onları qəbul etmək istəmir?!
Aqil ABBAS: BU ŞƏHİDLƏR DÜŞMƏNDƏN 2 METR TORPAQ SALDIRA BİLMƏYİBLƏR?!
Və nəticədə həm dünya ictimaiyyətində, xüsusilə də ermənilərin qarşısında biabırçı bir vəziyyətə düşürük.

Ermənistanda Qarabağda ölmüş əsgərlərin valideynlərinin etiraz nümayişlərini, piketlərini yayımlayırıq, Ermənistan hökumətini topa tuturuq ki, ölülərinə sahib çıxmırlar.

Və özümüz belə bir hərəkətə yol veririk. Mən Ermənistan mediasını izləmirəm, yəqin ki indi onlar da bu yazıları, bu videoları yayır və bizə gülürlər.

Söhbəti çox uzatmıram, bir hadisəni xatırladım.

Ağdamda bir ayağını Berlində qoyub gəlmiş bir veteran haqqında 2 sot dövlət torpağını mənimsədiyinə görə cinayət işi qaldırılmışdı və məhkəməyə verilmişdi. Yadımda deyil, deyəsən, prokuror 3 ilə qədər həbs cəzası istəyirdi. Kəndlilərə 12 sot torpaq verilirdi, bunun həyətini yoxlayanda 14 sot çıxmışdı.

Hakim də Hüseynov idi. Müttəhimə son söz veriləndə veteran demişdi:

- Yoldaş hakim, mən Mozdokdan Berlinə qədər düz beş min kilometr məsafədə nemesləri qovmuşam. Bir ayağımı da Berlində qoyub gəlmişəm. İndi azad etdiyim beş min kilometr ərazidə nemeslərdən özümə iki sot torpaq saldıra bilməmişəm? Nə cəza istəyirsizsə verin, xoşdu.

Kəsəsi. Hüseynov həmin veteranı 300 manat cərimə eləmişdi, cəriməni də öz cibindən ödəyib veterandan prokurorun əvəzindən üzr istəmişdi.

Bu şəhidlər 20 min kv.km. ərazini işğalçılardan azad edib, indi onlara 2 metr normal qəbir yeri tapmaq olmur?

P.S. Qələm dostumuz Azər Həsrət bununla bağlı bir köşə yazıb və gözəl bir layihənin də şəklini çap edib ki, gələcəkdə həmin şəhidlərin yatdığı yer belə olacaq. Daldan atılan bir daşdı, heç topuğa da dəymir…
ATESH,AZ

Rəy yazın