Reklam

Bolşevizmin talançı mahiyyəti

Reklam

Müəllifdən: 28 Aprel işğalının 100-cü ildönümü münasibətlə silsilə yazılardan sonuncu – dördüncü məqaləni sizə təqdim edirəm.

1920-ci ilin 28 Aprel işğalından sonrakı ilk bir həftənin Azərbaycan tarixinə “Qrab nedelya”, yəni “Talan həftəsi” kimi düşdüyünü bilirdinizmi?

“Qrab nedelya” bolşeviklərin çevriliş gerçəkləşdirdiyi ölkələrdə həyata keçirdikləri aksiyanın adı idi.

Təbii ki, “Talan həftəsi” Bakıdan da yan keçməmişdi.

Yazıçı-publisist Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı məşhur kitabında yazır ki, 28 Apreldə Bakıdakı “Yardım alayı” dəstələrində şəhərdəki idarə və dövlətlilərin imarətlərini, bank və ticarət müəssisələrini, iri mağazaları qorumaq, yanğına, soyğunçuluğa yol verməmək tapşırılmışdı.

Nə idi axı bu “Yardım alayı”? Hardan çıxmışdı o? Hər halda göydən düşməmişdi. Cümhuriyyətin hərbi birlikləri müxtəlif istiqamətlərdə ərazibütövlüyü uğrunda mücadilə apararkən hələ 28 Aprel işğalından aylar öncə bolşeviklər arxa cəbhədə – Bakıda camaatın bir qismini öz məqsədləri üçün kütləvi silahlandırmağa və onlara silahla rəftar qaydalarını öyrətməyə başlamışdı. Sovet dövründə, elə indi də bir çoxlarının necə təqdim etməsindən asılı olmayaraq bu alayın hədəfi həlledici anda Cümhuriyyətə qarşı silahlı çevrilişdə iştirak etmək idi.

Aprelin 27-də, bolşevik işğalına saatlar qalmış bu alayın Bakı küçələrinə çıxarılması, “silahlı fəhlələrlə dolu maşınların sürətlə şütüməsi” (Manaf Süleymanov) çox şeydən xəbər verirdi.

“Yardım alayı”na guya “şəhərdəki idarə və dövlətlilərin imarətlərini, Bank və ticarət müəssisələrini, zəngin mağazaları qorumaq, yanğına, soyğunçuluğa yol verməmək tapşırılsa” da 28 Aprel işğalının rəsmiləşməsi ilə paytaxtda geniş miqyaslı yağma başlamışdı. Həmin yağmalamaların iki istiqaməti vardı. Bunun biri bilavasitə bolşeviklərin həyata keçirdikləri talan idi ki, sonradan topladıqları sərvəti vaqonlara doldurub Moskvaya bəxşiş kimi göndərəcəkdilər (az sonra ətraflı danışacağıq).

İkincisi isə yaranmış xaotik vəziyyətdən istifadə edənlərin həyata keçirdiyi yağmaçılıq idi, belələri bunu daha çox öz maraqları naminə edirdilər. Onların arasında da bolşeviklər və havadarları kifayət qədərdi.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyəti” əsərinin “Qızıl imperializm” başlıqlı X bölməsində yazırdı: “Bolşeviklərin Bakıya girdikləri çağdakı “talan həftəsi”ndə banklardan çalınan, yağmalanan daş-qaşla, altun-gümüş, bəzək şeyləri, nağd puldan, Astarxana daşınan mal, çeşidli şeylərdən başqa 300 milyon put (4 milyard 800 milyon kilo) neftlə 750 min pud (12 milyon kilo) pambıq, çoxlu ipək, eləcə də b. aparmışlar”.

Tarixçi Nəsiman Yaqublunun yazdığına görə isə 27 aprel 1920-ci ildə Azərbaycanda “Qrab nedelya” elan edərək ticarətxanaları, evləri (hətta uşaq oyuncaqlarına belə əl qoyaraq!) hər şeyi talan edib, ərzaq anbarlarını yağmalayıb 60 (altmış) vaqon dolu əşyanı “Yoldaş Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya yolladılar. Saysız-hesabsız ailə küçələrə atıldı, onların mənzilləri öznünküləşdirildi. “Talan həftəsi”ndə Rusiyaya daşınanlar arasında neft və neft məhsullarının xüsusi payı vardı. Təkcə 1920-ci il mayın 1-də Rusiyaya “Buniyad” gəmisi ilə 67.528 pud neft, “Rus” gəmisi ilə isə 76.697 pud mazut yola salınmışdı.
Yeri gəlmişkən: “Talan həftəsi” sadəcə soyğunçuluq və yağmaçılıqdan ibarət deyildi. Bu həm də genişmiqyaslı repressiya və fiziki terrorun başlanğıcı idi. Bolşevik işğalını dəstəkləməyən, Azərbaycan Cümhuriyyətini dəstəkləyən, ona rəğbətini gizlətməyən şəxslərə qarşı genişmiqyaslı repressiya və fiziki terror başladı. Bu qanlı dalğanın qurbanları arasında ziyalılar, Cümhuriyyət məmurları, müəllimlər də az deyildi. Təkcə ilk iki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfərin güllələndiyi bildirilir. İşğalın sonrakı həftələrində və aylarında bu repressiya və fiziki terror dalğası daha da şiddətlənəcək, onun qurbanlarının sayı isə on minlərlə ölçüləcəkdi…

“Talan həftəsi” ilə bağlı maraqlı məqamlardan biri də neft milyonçusu Murtuza Muxtarovla bağlıdır. Belə ki, onun ölümü də “Qrab nedelya” ilə birbaşa bağlıydı.

Yazıçı Qılman İlkinin «Bakı və bakılılar» kitabında bu barədə maraqlı qeydlər var: “Təbiətcə çox məğrur olan Muxtarovun həyatı faciə ilə bitir. Bakıda aprel inqilabının ilk günləri idi. Bu günlərin birində Muxtarovun Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Muxtarov) küçələrinin tinindəki mənzilinə iki silahlı hərbçi gəlir. Muxtarov qapını açıb, onları gördükdə atəş açaraq, Anosov adlı birisini öldürür, ikinci gülləni də öz alnına çaxır. İnqilabın ilk günlərində şəhərdə talan başlanmış və bir neçə gün davam etmişdi. Bakılılar davam edən talanı “Talan həftəsi” adlandırırdılar. Aranın qarışmasından istifadə edən soyğunçular evlərə, idarələrə basqın edir, arvadların qulaqlarından, boyunlarından qızıl bər-bəzəyi zorla çıxarır, evlərdən qiymətli avadanlığı aparırdılar. Soyğunçuların içərisində bolşeviklərə də rast gəlmək olardı. Köhnə bakılıların dediklərinə görə, talanlara başçılıq edən Mikoyan ilə Sərkis idi. Şəhərdəki özbaşınalığı Muxtarov eşidir və görürdü. Muxtarovların ailə həkimi olan almanın dediyinə görə, onsuz da son hadisələrdən əsəbləri pozulmuş Muxtarov evinə soxulan bolşeviklərə əsəbi vəziyyətdə atəş açmışdı”.

Həmin kitabda “Talan həftəsi” ilə bağlı başqa önəmli qeydə də rast gəlirik. Bu, işlətdiyi dəyirman sayəsində varlanan, sonradan daha bir neçə dəyirman sahibi olan milyonçu və mesenat Ağabala Quliyev haqqında qeydlərdir. Q.İlkin yazır ki, 1920-ci ilin martında A.Quliyev İrana gedir. Kitabdan sitat: “O İranda olarkən Bakıda çevriliş olur. Bolşeviklər hakimiyyət başına gəlirlər. şəhərdə bir həftə talan gedir. Varlıların əmlakı müsadirə olunur, özlərini isə həbsə alırlar. Onlardan gizlənib, sonra xaricə qaçanlar da olmuşdu. Quliyevin də ev-eşiyi talan edilir, arvad-uşaqları çölə atılır. Quliyev İrandan öz gürcü dostlarına xəbər göndərir. Onların vasitəsilə arvadına və uşaqlarına cır-cındır paltar geyindirilərək, Tiflisə aparılır və oradan İrana keçirlər. İrana çatdıqdan sonra bir müddət Təbrizdə yaşayırlar. Sonra ailəsi ilə birlikdə Türkiyəyə gedir…”.

Maraqlıdır ki, bolşevik işğalının acı bəhrəsini dadan A.Quliyev nəinki Cümhuriyyətə isti münasibət bəsləmişdi, əksinə, o, 1918-20-ci illərdə hələ də bir zamanlar sıralarında fəal şəkildə təmsil olunduğu mürtəce “Yakor”un (Rusiyada qurulmuş “Rus xalqının ittifaqı” adlı təşkilatın 1905-ci ildə Bakıda yaranan qolu) qaragüruhçu ideyalarının təsiri altında idi…

***

Beləcə, bolşevik işğalı Azərbaycanda talan həftəsi ilə başladı.

O, sonralar yalan, “pripiska” ilə assosiasiya edilən beşilliklərlə davam edəcək və kimsəni təəccübləndirməyən sonluqla tarixin tozlu arxivinə yollanacaqdı…

28 Apreldən bir gün əvvəl nə baş vermişdi?

28 Aprelin ilk qurbanlarından birini niyə kürəyindən güllələdilər?

Üzeyir Hacıbəyli 28 Aprelə qarşı

Rəy yazın