
Əziz həmvətənlər!
”Covit-19” adlanan, bütün dünyanı cənginə alan ümumbəşəri bəlanın tüğyan etdiyi bir zamanda Müstəqil Azərbaycanımızın bu günü və gələcəyi ilə bağlı Sizə müraciət etməyi, Vətəndaş Cəmiyyətinin nümayəndələri olaraq özümüzə borc bildik. Həm ölkə daxilində, həm də ölkədən xaricdə bəzi qüvvələr tərəfindən dünyanın yeni düzənə girməsi ərəfəsində sərgilənən anti-milli və anti-dövlət fəaliyyət bizi belə bir Müraciətlə çıxış etməyə vadar etdi.
İndi dünyanın hər yerində beynəlxalq iqtisadi münasibətlərin yeni formaya keçəcəyi, nəticədə dövlətlər və xalqlar arasında yeni siyasi münasibətlər formalaşacağı haqqında çox danışılır. Bununla yanaşı, bəzi güc sahibləri sadəcə iqtisadi münasibətlərdən deyil, həm də dövlətlərarası sərhədlərdə dəyişikliklərdən, yeni dünya xəritəsi formalaşdırmaqdan da söz açmaqdadırlar. Səslənən bütün bəyanatları təhlil etdikdə Azərbaycanın, ümumən türk dünyasının maraqlarının ziddinə yönəlik planların da olduğu açıq-aşkar hiss edilməkdədir. Belə bir zamanda bəzi qüvvələrin Azərbaycanda qarışıqlıq salmaq, ölkəmizi 1988-1993-cü illərin xaosuna qaytarmaq istəyinə yönəlik fəaliyyət göstərmələri hər kəsi ciddi narahat etməlidir. Sapı özümüzdən olub dəstəyi anti-Azərbaycan qüvvələrin əlində olan bu ünsürlər, hətta koronovirusun tüğyan elədiyi günlərdə belə, nəinki fəaliyyətlərini təxirə salmamış, əksinə, bu məqamdan da öz iyrənc məqsədləri naminə yararlanmaq istəklərini ortaya qoymuşlar. Xalqımızın ən qədimlərdən bu günümüzə qədər yaşatdığı mental dəyərlərdən biri, məhz elə, obaya ümumi bəla gələndə hər kəsin bütün iddialarını kənara qoyub, bu bəladan xilas naminə birləşməsi olub. Milli dəyərlərdən tamamən imtina edərək öz niyyətlərinə xalqın və dövlətin gələcəyini qurban verməyə belə hazır olan bu söyüş və böhtan kompaniyası fəalyyətlərini dözülməz dərəcədə genişləndirməklə, əslində iç üzlərini bir daha açıb ortaya qoymaqdadırlar. Azərbaycan iqtidarının pandemiyadan sui-istifadə etdiyini, əsassız olaraq karantin tətbiq edildiyini iddia edən həmin ünsürlər bu gün nümunə göstərdikləri Avropa ölkələrində məhz vaxtında önləyici tədbirlərin görülməməsi ucbatından yaranmış durumla bağlı bir kəlmə də olsun danışmırlar. Belə çıxır ki, Azərbaycan hakimiyyəti də həmin ölkələr kimi gözləmə mövqeyi tutmalı imiş ki, nəticədə əhali gözəgörünməz bəlanın ağuşunda çapalamaq zorunda qalsın. Azərbaycan hakimimiyyətinin az zaman daxilində bütün qüvvələri səfərbər edərək, ən zəruri addımlar atmaqla, inkişaf etmiş dünya dövlətlərindən fərqli olaraq, pandemiyanın genişlənməsinin qarşısını almasını təqdir etmək əvəzinə, bütün bunların “sui-istifadə” adlandirilması, ən azı şərəfsizlik və vicdansızlıqdır. ABŞ-da, Avropanın ən inkişaf etmiş ölkələrində insanlara ödənilən yardımın həcmini Azərbaycanda ödənilən yardımla uğursuz müqayisə isə,onların nə qədər səbatsız olduqlarının təsdiqidir. Yüz illərlə Hindistandan Yaxın və Orta Şərqə, ordan Afrikaya və Latım Amerikasına qədər zəif xalqları istismar edib, bu torpaqların bütün sərvətlərini öz xəzinələrinə daşıyan həmin imperialist güclərlə, cəmi 28 illik müstəqil dövlətçilik tarixi olan Azərbaycanı bu baxımdan müqayisə etmək gülünc səslənmirmi? Xüsusilə, ləyaqətsizliyin bariz nümunəsidir ki, Azərbaycan dövlətinin, başda Prezident İlham Əliyev olmaqla indiki iqtidarın yeni koronovirusun yayılmağa başladığı ilkin dövrdən mərhələlərlə həyata keçirdiyi düşünülmüş tədbirlər, atılan addımlar və bunun nəticəsində ölkəmizdə bu bəlanın geniş vüsət almasının qarşısının alınması, eyni zamanda pandemiya ilə əlaqədar cəmiyyətin bütün təbəqələrinə dəymiş maddi zərərin dövlət hesabına odənilməsi, zərərin minimuma endirilməsinə yönəlik səriştəli idarəetmə və bu məqsədlər üçün dövlət büdcəsindən milyardlarla vəsaitin ayrılması haqqında bir kəlmə də olsun danışmayan bu nankor ünsürlər, tək-tük diqqətdən kənarda qalan sadəlövh insanlardan məharətlə istifadə edərək, əldə etdikləri materialları Azərbaycandakı durum kimi qələmə verir və dünyaya yayırlar. Azərbaycanlı adına ciddi xələl gətirən bu cür halları qətiyyətlə pisləyir, bu əməlləri törədən hər kəsi xalqına, dövlətinə xəyanət etmiş kimi dəyərləndirir və hər kəsi bununla bağlı həmrəyliyə çağırırıq.
Əziz həmvətənlər!
Bizlər vətəndaş cəmiyyətinin nümayəndələri olaraq siyasi fəaliyyətlə məşğul olmur, ölkəmizin ayrı-ayrı sahələrində mövcud olan problemlərin həllində əlimizdən gələni etməyə çalışırıq. Lakin həmin qüvvələrin son dövrlərdəki fəaliyyətləri açıq-aydın göstərdi ki, yaradılmış bu söyüş və böhtan şəbəkəsinin məqsədi hansısa siyasi mübarizəyə deyil, müqəddəs vətənimizi içindən parçalamağa, idarəolunmaz hala gətirməyə yönəlik fəaliyyətdir. Bütün etik normalardan, milli mental dəyərlərdən imtina edən, söyüş örgütü kimi tanınan həmin qüvvələrə cəmiyyət olaraq hər birimiz “YOX!” deməli, milli və dövlətçilik mənafelərinə zidd fəaliyyətlərinin ölkəmizə ayaq aça bilməməsinə çalışmalıyıq. Azərbaycanın düşmənlərinin təsiri altında öz ölkəsinə qənim kəsilən bu şəbəkənin şər, böhtan dolu sərsəmləmələri, təhqir dolu çıxışları cəmiyyətimizdə mütləq əksəriyyət tərəfindən rədd edilsə də, dünyada gedən prosesləri doğru-düzgün anlamaqda çətinlik çəkən sadəlövh insanlar arasında, az da olsa belələrinin çıxışlarına əhəmiyyət verənlər də var.
Odur ki, indiki məqamda, koronovirus təhlükəsindən xilas olmaq üçün göstərdiyimiz çaba ilə yanaşı, hər bir Azərbaycan vətəndaşını anti-milli şəbəkənin cəmiyyətə ayaq açmaması, gerçəklərin sadə əhaliyə izah edilməsi və onlarda mənəvi baxımdan daha yetkin mövqe formalaşması məqsədilə lazımı addımlar atmağa çağırırıq.
Müraciəti onlayn imzalayan QHT rəhbərləri
1.“Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov.
2. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyiin
sədri Radə Abbas.
3. ”Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin
sədri Füzuli Rzaquliyev.
4. “Hüquq və Demokratik İslahatlar“ Mərkəzinin rəhbəri İlham Əliyev.
5.“Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin
sədri Səriyyə Müslümqızı.
6.“Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli. 7.“Tərəqqi Sosial İnkişaf” İctimai Birliyinin sədri Telman Dadaşov.
8.“Regional Gender Mərkəzi” İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova.
9.“Vətən Uğrunda Şəhid Anaları və Milli Qəhramanlar” İctimai Birliyinin
sədri şəhid anası Zərifə Əsgərova.
10.“Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyinin
sədri, fəlsəfə elmləri doktoru Fəridə Vəliyeva.
11.“İsmayıllı Yazarları” Ədəbi İctimai Birliyinin sədri,
Əməkdar Jurnalist Şahməmməd Soltanov.
12. “Vətəndaşların Maariflənməsinə Ziyalıların Dəstəyi” İctimai Birliyiin
sədri Famil Əzizov.
13. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin
sədri Füzuli Rzaquliyev.
14.”İraq-Azərbaycan Mədəni Əlaqələri” İctimai Birliyinin
sədri Tahirə Məmmədova.
15.”Demokratik Cəmiyyət və Qadın Hüquqları” İctimai Birliyinin
sədri Mehriban Abdullayeva
16. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad.
17. Bakı Qaziləri İctimai Birliyinin sədri Fuad Rzayev
18. “Xan Şuşinski”adına Fondun rəhbəri Bəyimxanım Verdiyeva
Rəy yazın