
Dünən Ali Kemal, bu gün Hasan Cemal”
Erməni terrorçu tərəfindən öldürülmüş Cemal paşanın nəvəsinin erməni sevgisi...
...Hasan Cemal kimin üçün nə ifadə etməsindən asılı olmayaraq mənim üçün yalnızca bir jurnalistdir, həmkarımdır. Türkiyədə tanınan birisidir, ünlü bir qəzeteçi olaraq yazıları da diqqətə alınır. Qardaş ölkənin jurnalist cameasında sayğıı və hörmətə layiq birisidirmi? Deyə bilmərəm. Amma Ermənistanda indi onu çox sevirlər. Sabah oraya getsə, qabağında ən azından qoyun kəsərlər. Ermənilər onların sözünü deyənlərə çox mükafatlar vermişlər. Bunlar bilinən gerçəklərdir. Ermənistan mətbuatında oxumuşdum ki, jurnalistlərdən biri Taner Akşam adında bir türk tarixçisinin barelyefinin EA-nın Tarix İnstitutunun qarşısına vurmağı təklif edib. Niyə də vurmasınlar. Bu adam bütün Ermənistan və onun diasporundan daha çox iş görür. Bütün türklər düşmən hesab olunan bu ölkədə Hasan bəyə də olan eyni sevginin səbəblərini buraxıram onun öz öhdəsinə...
Öncə bu Hasan Cemalın kim olduğu barədə bilgi vermək istərdim. İlkin olaraq deyim ki, o, İttihad və Tərəqqi liderlərindən olan Cemal paşanın dos-doğma nəvəsidir. Cemal paşa isə 1922-ci ilin 21 iyulunda Tiflisdə ermənilər tərəfindən öldürülüb...
Həmkarımız Hasan Cemalın yeni bir kitabı çıxıb. Yaxşı da satılır . “1915: Erməni soyqırımı”. Kayseridəki bir kitab mağazasında bu kitabı görüb əlimə alanda satıcının mənə diqqətlə baxdığının fərqindəydim. Vərəqlədim, ilk səhifəsində onun adi şəkli verilib, bu adi şəkil deyil, Ermənistandakı Sərdarabadda (indi Tzidzernaqaberd) ermənilərin uydurma “Erməni soyqırımı” abidəsinə üç qərənfil qoyması həkk olunub. Almadım kitabı. Bəlkə də cüzi də olsa, bu adama gəlir verməmək üçün. Satıcılar belə anlarda adətən narazılıqlarını bildirməsələr də, səndən məmnun da qalmırlar. Amma gənc satıcı bu kitabı bir əski parçası kimi rəflərin üstünə atmağımı heç bəyənmişdi. Və məndən bir çay içməyimi rıca etdi. Oturdum.
- Bilirsinizmi kimdir o? - deyə soruşdu məndən.
- Yaxşı bilirəm. Cemal paşanın torunudur - dedim və 2012-ci ilin mayında Ərzuruma “Erməni Türk ilişkiləri və Böyük Güclər “ adlı simpoziumda iştirak etməyə gedərkən Cemal paşanın bu şəhərdki məzarını ziyarət etdyimi də söylədim. Kitab satıcısının marağını nəzərə alaraq həmin tarixlərdə baş verən olaylarla bağlı bildiklərimi qısaca anlatmağa çalışdım. Satıcı gənc də olsa bilgili adamdı. Dinlədi məni.
...Bu kitabı yazan Hasan Cemalın babası Cemal Paşanı Tiflisdə bir erməni terrorist öldürülmüşdü. Bundan bir il öncə digər bir lider Tələt paşa Berlində öldürülmüşdü. İttihat və Tərəqqinin digər bir öndəri, Osmanlı dövlətinin müdafiə naziri Ənvər paşa da erməni gülləsinə tuş gəlmişdi.
1908 - 1918 dönəmində İttihat ve Tərəqqi Partiyasının öndərlərindən olan Cemal paşa da son dərəcə çətin zamanlarda ermənilər üçün əlindən gələn hər şeyi etmişdi. Amma buna baxmayaraq onu öldürdülər, onun öldürülmə səbəbləri çox da ola bilərdi, amma hamı bilirdi ki, o türk olduğuna görə sui-qəsdə uğramışdı.
Bəli, Tiflisdə, 21 iyul 1922-ci ildə, saat 22.30 radələrində paşanın yavəri Nusrət və Süreyya bəylərlə ziyarətlərdən birindən qaldıqları otelə dönərkən, Böyük Pyotr küçəsi ilə rus gizli polisi ÇEKA-nın binasının olduğu Yukovski küçəsinin küncündə, bir avtomobildən çıxan təxminən on nəfərlik silahlı qrupun hücumuna uğramışdı Cemal Paşa.
Əvvəl silah səsi eşidilmiş, hadisəyə müdaxilə etməyə çalışan erməni Garegin Dilanyan adlı bir cangüdən vurulmuşdu. İkinci silah səsində adı bilinməyən bir qadın qışqıraraq yerə yıxılmışdı. Ardından yaylım atəşini xatırladan partlayışlar başlamışdı. Gənc yavər Süreyya bəy, paşanı qorumaq istəmiş, lakin vurularaq yerə sərilmişti. Ardından Cemal Paşa və Nusrət bəy vurulmuşdular. Boynuna və belinə üç güllə dəyən Cemal Paşa ilə beş güllə yeyən Nusrət bəy dərhal ölmüş, bir güllə dəyən Süreyya bəy isə xəstəxanada həyata vida etmişdi.
O gecə, atəş açanlardan kimsə həbs edilməmişdi. Ertəsi gün Daşnak fədailərindən Qaregin Lalayan və Serqo Vartanyan adlı iki erməni zabit həbs olunmuşdu. Əlbəttə, onlar da bu basqında iştirak etmişdilər, amma əsas tapşırıq Artaşes Gevorqyana ( kod adı Dzağiqyan) verilmişdi və o da bunu sona çatdırmışdı. Ermənilərin özləri sonralar bu terroristi tərifləyərkən bu cinayəti törətdiyini etiraf etmişdilər. Türk öldürən hər kəs, erməni ideoloq Njdenin dediyi kimi, xalqın qəhrəmanıdır və bu “qəhrəmanlığı” da ermənilər təbii ki, gizli saxlamamışdılar. Həmin gün, Cemal Paşa və yavərlərinin cənazələri üçün Tiflisdəki Şah Abbas məscidində xalqın, xarici nümayəndələrin və Qızıl Ordu birliklərinin də qatıldığı görkəmli bir cənazə mərasimi keçirimişdi və TBMM-nin, Mustafa Kamal Atatürkün izni ilə, Kazım Qarabəkir paşanın təşkilatçılığı ilə Ərzuruma gətirilib dəfn edilmişdi. Düz 90 il sonra mən dostum Ərzurum Atatürk Universitetinin Erməni–Türk İlişkiləri Mərkəzi başkanı prof. Erol Kürkçüoğlunun sayəsində bu qəbri ziyarət edə bilmişdim.
Mən burada tarix açmaq istəmirəm və yalnız bunu oxucuların nəzərinə çatdırmaq istərdim ki, belə bir babanın nəvəsi Cemal paşa ilə ən azından fəxr etməli idi. Hələ mən onu öldürənlərdən qisas almağı demirəm. Amma baxın bu Hasan Cemal nə edir? 2008-ci ildə ilk dəfə gedir İrəvana, “Erməni soyqırımı” abidəsinə çiçək qoyur, burada şəkil çəkdirir və babasını öldürən Artaşes Gevoqyanın nəvəsi... Armen ilə görüşərək ondan üzr istəyir...
Mən Ermənistanın “Şant” TV-nin yorumçusu Artyom Yerkanyanın Hasan Cemalın bu abidəyə çiçək qoymasından və terroristin nəvəsi ilə buluşmasından bəhs edən “Nəvələrin cavabları” adlı bəlgəsəlinə- sənədli filminə erməni dilində baxıb dinləmişəm və bu filmin nə dərəcədə türkləri aşağıladığını bir yazımda da vaxtilə göstərmişəm. Bu bəlgəsəldə Yerkanyan iki tərəfdən, türk və erməni tərəflərindən bəhs edir, müqayisələr aparır, nəticələr çixarır. Biri mədəniyyəti yüksək Ermənilərdi, digəri isə barbar bir toplum- Türklər.
Yerkanyanın filmin sonundakı qənaətinə baxın: “Soyqırımın qəbul edilməsi ilə əlaqədar səni anlayan adamlarla iş görmək çətinlik törətməz. Hətta Türkiyədə belə insanlar vardır”. Demək ermənilərə bu adamlar (bəlkə də ən səmimi insanlar) ona görə lazımdırlar ki, bir erməni yalanını işə keçirmək üçün onların fikrinə əsaslansınlar. Bu mənada Hasan Cemal və onun kimi onlarca türkün erməninin əlində bir alət olduğunu söyləməkdən çəkinməzdim. Baxın filmin fabulasına: Bir tərəfdə xalqının qisasını almış terroristin məğrur nəvəsinin dik duruşu var və bu nəvə açıq-açıq bəyan edir ki, bu gün o da babası kimi millət tələb edərsə “uf demədən babasının hərəkətlərini” təkrar edər… Digər tərəfdə- Hasan Cemaldı, babasının etdiyi “günaha görə” gəlib dılğır bir erməninin qabağında yalvaran bir zavallı və bütün ermənilərdən üzr istəyən suçlu görkəmində. Bunu qəbul etmək mümkündürmü? Zavallı duruma Hasan Cemalı kim salmışdır? Əlbəttə özü. Bəlkə sız-sıx dilə gətirdiyi Hrant Dink sevgisi? ( yeri gəlmişkən kitabı da babasının xatirəsinə deyil, Hrant için yazmışdır!) Və bu durumdan artıq onun çıxış yolu yoxdur. Budur onun kitabı bu durumun davamıdır, əslində məcburiyyətdir. Və erməni təbliğat maşını bu durumdan ideoloji savaşda türkləri əməlli- başlı üstələmişdir. Hasan Cemal ermənilər üçün göydən düşmə bir şey olmuşdur. Bu film də, kitab da dostluq, barış- filan aşılamır. Bu film Hasan Cemalın, Ahmet Altanın, Ali Bayramoğlunun və başqalarının ermənilərdən “üzr diləmək” kimi mənasız düşüncəni ortaya atanların şəxsində türkləri aşağılayır. Bütün bunlara rəğmən Hasan Cemal ermənilərə soyqırım yapılmadığını bilə- bilə “Hrant Dinkin eşqinə” belə deyir: “Həm insan, həm dövlət olarak son nəticədə ermənilərin 24 aprel acısını paylaşmalıyız”.
“1915: Erməni soyqırımı” kitabında da bu fikir davam etdirilir.
Elə bilirsiniz bu ifadəyə görə ermənilər Hasan Cemala “sağol” deyirlər və gələcəkdə onu bu fikrinə görə başa keçirəcəklər? Heykəlini qoyacaqlar? Kəsinliklə. Hasan bəy onların gözündə yalnız və yalnız aldadılıb yolundan saptırılmış və “Erməni soyqırımı” abidəsinə üç qərənfil qoydurulmuş, buradakı muzeyə “etiraflarda” bulunmuş və nəhayət belə bir kitab yazdırılmış bir türkdür. İstənilən an ona da babasının yaşadıqlarını yaşada bilərlər…
Hasan Cemal kimlər erməniləri yaxşı tanımır. Və ümumən Türkiyədə ermənini tanımaq problemi var
Cemal paşanın qanı isə... hələ də yerdədir. O zaman bu cinayətlə bağlı tutulan erməni zabitlər yetərli dəllillər olmadığına görə azad edilmişdilər. Əsas terrorçunun isə adı belə keçməmişdi. Hələ də bu cinayət açılmamış sayılır. Hasan Cemal İrəvana getmişkən bunları araşdırmağa başlasaydı və heç olmasa buna təşəbbüs göstərsəydi, ən sayqıdəyər adam olardı. Amma o təəssüf ki, başqa yolla getdi. Bu yol isə sanmıram ki, onun özünün cızdığı yoldur, inanmıram ki, bu yola özü baş vurmuşdur və öz istəyi ilə İrəvana getmişdir, inanmıram ki, o öz istəyi ilə belə bir kitab yazır və ermənilərə soyqırım edildiyini iddia edir. Eləcə də Memmedəli Birand. Birdən- birə terroristbaşi Öcalanla bağlı yazı yazır və deyir ki, Öcalan ev dustaqlığına buraxılmalı və Məclisə girməlidir. Məgər sayın Birand bilmir ki, Öcalanin əli 30 min insanın qanına bulaşıb və hələ də bu qanlar axıdılmaqdadır. Məgər Cemal paşanın torunu Hasan Cemal bilmir ki, “erməni soyqırımı” deyilən məsələ bir iftiradır? Çox yaxşı bilir. Əslində elə türk soyqırımı olmuşdur Keçən əsrin əvvəllərində onun qəzetəçi sələfi Ali Kemal da bilirdi və “Qərb uşaqlığı “ yaparaq öz millətini suçlayırdı. Belə şeylər iyaddan çıxmır. Onu görə insanlar vaxtilə İstanbul küçələrinə bu şüarla çıxmışdılar: Dünən Ali Kemal, bu gün Hasan Cemal! O zamanlar Hasan bəy çangüdənlə gəzirdi.
Ali Kemal kimilərin ucbatından nə qədər günahsız insanlar o zaman dar ağacına götürüldü. Hasan Cemalın bu kitabı da elə odur. Türk toplumunu , millətini qatil kimi dar ağacına götürməyə çalışmaq. Mən bunun adını başqa bir şey qoya bilmədim.
Qafar Çaxmaqlı
2 dekabr 2012. Kayseri, Türkiyə
Rəy yazın