
Dostlar, təəssüf ki, yaşadığımız məmləkətdə çoxluq həyatından, güzəranından məmnun deyil. Bir çox dəyərli kəslər layiq olduğu qiymətə, hörmətə tamarzı, peşəkarlar bacardığı işlə məşğul olmağa möhtac, məşğul olanları da "qəzan mübarək" xeyir-duasıyla alqışlayır yandan ötənlər, çünki onların da sonu görünməyən sınaqlarla, maneələrlə üzləşəcəklərini hamı bilir... Nədən torpaqlarımız davamlı olaraq zəbt olunur, günü-gündən azalır, insanlarımız döyüşmək, itirdiyini geri almaq, qurmaq-yaratmaq haqda deyil, köçmək, qaçmaq barədə düşünür? Bu yurdun qapısı, pəncərəsi yoxmu? Hara baxırsan bacadan düşən, paraşutla atılan görürsən, ölkə üstüaçıq evə oxşayır. Əcnəbilər, hətta ərəblər belə çox rahatdır, çox xoşhaldır bu diyarda, lap amerikalılar, avropalılar öz evlərində, öz ellərində olduğu kimi. Görünür biz öz elimizə, öz obamıza sahiblənə bilməmişik... Sahiblənmək üçün bir olmaq, diribaş olmaq, güclü olmaq lazımdır! İnsanlar kimi millətlərin də ruhu bütöv olanda diri, bütöv olmayanda ölü olur. Bütünləşən millətlərin dövləti, bütünləşə bilməyən millətlərin isə əsarəti olur!
Doğurdanmı bu məmləkətin şirvanlısını, qarabağlısını, naxçıvanlısını, lənkəranlısını, canım sənə desin, qubalısını, irəvanlısını, şəkilisini və ya yapçısını, cəbhəçisini, realçısını, yurdçusunu, müsavatçısını birləşdirə biləcək bircə dənə də olsa müqəddəs ideya, amal qalmayıb?! Məgər hamımızın anası olan Azərbaycanın qanadını, quyruğunu kəsə-kəsə yerimizi darlaşdıran yağılar " bir qeyrətə gəlin, özünüzdə təpər tapıb bizə "dur" deyin" mesajını illərlə vermirlərmi? Məgər üç gündən bir tullana-tullana Qarabağa gəlib meymunluq edən baş erməni heysiyyatımızla boş-boşunamı oynayır? Hətta düşmənlərimiz belə bizi bir arya gətirmək üçün dəridən-qabıqdan çıxır, amma biz məzlum və miskin nəfsimizin, qorxumuzun əsarətindən qurtulub bir qutlu qayənin ətrafında birləşə bilmirik! Bəlkə doğurdan da sanballı bir hədəf, işıqlı bir ideya tapa bilmirik. Əslində hansı bir ideyadan yapışsaq bəlli olur ki, onu nə vaxtsa dənəmişik, urvatdan düşüb. Bizə isə yeni bir şey lazımdır, axı biz əzmkar müasirçi və yenilikçiyik. Köhnə şeylərlə işimiz yox, başqalarını yamsılamağa meylli, dəb əhli olduğumuzdan qədimlərimizdən gələn nə varsa bizə yaraşmır. Bu səbəbdən, yəni keçmişimizi bəyənmədiyimizdən, qədimlərimizə qiymət vermədiyimizdən özümüz də qədir-qiymətə möhtac qalmışıq...
Nə təklif edərdim. Gəlin, qədimliyini, müasirliyini bir yana qoyub belə edək! Demokratiyadan yapışaq!!! Mən indiyə qədər gördüyümüz saxta demokratiyanı, demokratiyanın parodiyasını demirəm! U. Çörçil demiş, DEMOKRATİYA nə qədər idbar olsa da bəşəriyyət ondan yaxşısını hələ tapmayıb. Gerçək demokratik dəyişim naminə birləşək deyirəm, məmləkətə halal hakimiyyət, xalqın öz hakimiyyətini gətirməyə qadir bir qayə ətrafında birləşək deyirəm!
Əli Mustafayev
Rəy yazın