Reklam

RADƏ ABBASLA “BİTMƏYƏN ƏZAB”IN SONUNA DOĞRU Xüsusi

Reklam

İstər jurnalist məqalələrimdə, istərsə də publisistik oçerklərimdə kiminsə ictimai əhəmiyyət daşıyan işinə münasibət bildirəndə konkret hansısa hadisə qığılcım rolunu oynayıb. Necə deyərlər, “tanımaza-bilməzə” yazmamışam. Çoxdan tanıdığım "Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas barədə fikirlərimi nə vaxtsa qələmə alacağımı götür-qoy etsəm də, hər dəfə qeyri-müəyyən vaxta kimi təxirə salırdım. Onsuz da mənli-mənsiz, onun haqqında yazan, danışan çox idi.

May ayının əvvəlində ölkə gündəmini “zəbt” edən bir hadisə dolayısı ilə bu niyyətimi gerçəkləşdirməyim üçün bir növ qığılcım oldu. Belə ki, Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin korrupsiya ittihamı ilə həbs olunmaları xəbəri yayıldı. Bu məsələ ilə əlaqədar informasiyaları internet üzərindən izləyərkən, belə bir məlumata rast gəldim: “...Bir erməni snayperçi qadın var idi. Beş il əvvəl, yadımdadır ki, o Ermənistan Mədəniyyət İdarəsinin rəisi idi. O qadın bütün atəşləri iki qaşın arasından bir az sola olan nöqtədən vururdu. Sanki kimsə o yeri ona işarələyirdi, o da ordan atırdı. O cür peşəkar idi...”

İstər-istəməz adamın ağlına özümüzün və düşmənimizin eyni məsələlərə müxtəlif yanaşmalarımızı müqayisə etmək gəlir. Məntiqlə mədəniyyət sahəsinə rəhbərlik edən şəxslər ən mədəni adamlar olmalıdırlar. Mədəni adam isə qatil ola bilməz – bu, bizim yanaşmamızdır. Amma gəlin görək, o qədər vuruşmuş, haqlı – ya haqsız, onlarla, yüzlərlə düşmən əsgər və zabitini öldürmüş bir işğalçı sonradan əlinə düşmüş vəzifəsindən sui-istifadə edib öz xalqının mədəni sərvətlərini şəxsi maraqları naminə yadlara satardımı? – Yox! Əksinə, başqa xalqların mədəni sərvətlərini də mənimsəyib özününküləşdirərdi. Başqa sözlə, yenə də müharibəsini davam etdirərdi. Necə ki, bunu ermənilər edirlər bizə qarşı. Torpaqlarımızı ələ keçirməklə gözləri doymayıb, milli musiqimizi, xörəklərimizi də öz adlarına çıxmaq istəyirlər...
Nə isə, qarşıma çıxan həmin cümlələrin müəllifi isə məhz haqqında söz açmağa indi qərar verdiyim Radə Abbas idi. Hansısa sayta verdiyi müsahibədə cəbhə xatirələrini danışmışdı. Bəs bizim cəmiyyətin Qarabağ veteranı olan qadınlara münasibət necədir? – Bu sualın cavabını da həmin müsahibəsində vermişdi Radə xanım: “Əvvəl yaxşı deyildi. Müharibəyə gedən qadının əxlaqı ilə bağlı yüz söz danışırdılar. Bizə ikrahla baxırdılar. Belə bir düşüncə tərzi var idi ki, qadın müharibəyə gedirsə, deməli əxlaqsızdır. O qədər qızlar var ki, elə müharibədə tanış olduğu adamla ailə qurdular. O düşüncə tərzinin aradan qalxması üçün çox çalışmışam... Qəzetlərdə silsilə yazılar getdi və zamanla o qadınlarımız haqqında formalaşan yanlış təsəvvürü sındıra bildik. Müharibəyə gedən adama diqqətli yanaşmaq lazımdır; sabah yenə müharibə olsa, valideyn övladını ürəklə müharibəyə göndərsin ki, bəli, müharibə veteranına belə diqqət qayğı var”.

Abbas Radə Sabir qızı 1962-ci ildə Ağcabədi rayonun Hacılar kəndində ziyalı ailəsində anadan olub. 1969-1979-cu illərdə Ağcabədi rayon Hacılar kənd orta məktəbində orta, 1982-1984-cü illərdə Bakı şəhəri 2 saylı Tibb Texnikumunda orta ixtisas, 2001-2006-cı illərdə Moskva Açıq Unversitetinin Bakı filialında ali hüquq təhsili almışdır.

1979-1982-ci illərdə Ağcabədi rayon Lenin kolxozunda briqadir köməkçisi, 1983-1992-ci illərdə M.Topçubaşov adına ETKECİ –da tibb bacısı işləmişdir. 1992-2001-ci illərdə Müdafiə Nazirinin əmri ilə müxtəlif hərbi hissələrdə hərbi xidmət etmişdir.

1993-cü ildə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının köməkçisi və Azərbaycan Respublikası Prezidenti Aparatı Ərazi İdarədetmə Orqanları ilə İş idarəsində inspektor vəzifələrində çalışmışdır.

2001-2005 AVMVB-nin nəzdində Veteran Qadınlar Təşkilatına sədrlik etmişdir.

2006-cı ildən MVQSYİB-nin sədridir.

Bir oğlu var – ADU-nun tələbəsidir.

Müdafiə nazirinin əmrinə görə 2002-nin sonuna kimi, düz 11 il hərbi xidmətdə olub Radə xanım. Xidmət dövründə bir neçə dəfə təltif edilib. Amma bu təltiflərin bu gün onun üçün heç bir önəmi yoxdur. Deyir ki, onun üçün üçün əhəmiyyətli olan odur ki, kiminsə həyatının xilas edilməsində iştirak edib. 1992-ci ildə təcili təxirə salınmaz cərrahi blokun əməliyyat tibb bacısı işləyirmiş. Fikirləşirmiş ki, borcu müharibəyə getmək və yaralılarımıza yardım etməkdir. Evdə demədən cəbhəyə yollanıb. Müharibəyə getdiyini ailəsinə bir həftə sonra Ağdamdan zəng edib bildirib. Getməzdən əvvəl bu haqda evdə danışsaymış, qoymayacaqdılar.

Çox ağır günlər görüb cəbhədə Radə xanım: “Elə olurdu ki, xəstələri KamAZ-lara yığırdılar. Heç bir gigiyenik qaydalara əməl edilmirdi. Baxırdın ki, maşının banının kənarlarından qan sızır. Bəziləri ağrıdan, bəziləri qan itirmədən şoka düşürdülər”.

Savaş bitən kimi müharibə veteranlarına, xüsusən qadınlara mənəvi-sosial yardım etmək, onlara dəstək olmaq ehtiyacı özünü biruzə verib.. Bu məşəqqətli yoldan keçmiş qadınların sayı isə qeyri-rəsmi məlumata görə, 2500-dür. Müharibədən sonra veteran qadınları qorumaq və hər bir sahədə onlara dəstək olmaq artıq labüdləşdi. Elə "Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyi belə bir ehtiyacın var olmasından yaranıb, 1999-cu ildə təsis edilib. 2006-cı ildə isə dövlət qeydiyyatına alınıb. Radə xanım elə o zamandan Birliyin üzvləri ilə əlbir olub, çalışmağı, Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqları həm daxildə, həm kecmiş possovet məkanında, həm də Avropa ölkələrində təbliğ etmək, yaymaq, düşmənlərimizi tanıtmaq kimi məsuliyyəti də üzərinə götürüb.

Şəxsən tanıdığıma görə Radə xanımın önə çıxan xasiyyətlərinin altını cızmaq istəyirəm:

Mərd xanımdır. Yapışdığı işin oluna çıxan maneələrdən qorxan deyil, cəsarətlidi.

Heç kimin dediyini təkrarlayan, təsirə düşən, kampaniya xatirinə söz deyən adam da deyil, həmişə fərqli fikirləri olur.

Söz ehtiyatı zəngindir, gözəl danışıq qabiliyyəti, natiqlik məharəti var. Dərin məntiqə, mühakiməyə malikdir, o üzdən həmsöhbətini inandırmağı bacarır.

Arxasıza arxa durandır, yaralı könüllərə xatircəmlik işığı salandır. Onunla adam özünü güclü hesab edir.

Çox ictimai təşkilatlar var ki, fəaliyyətləri kağız üzərindədir. Görürsən ki, “tədbir” keçirirlər: stolun üstünə 5-6 ədəd mineral su butılkası qoyublar, bir-birlərinin dediklərinə əl çalırlar, dövlətə dəstəkdən, hökumətə etibarlı tərəf müqabili olmaqdan dəm vururlar. Amma ortaya qoyulası heç bir iş görmürlər.

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB isə sırf iş görən, cəsarətli addımlar atan və çox zaman da məqsədinə çatan, hədəfə etişən təşkilatlardandır. Radə Abbasın sədrlik etdiyi İctimai Birlik müharibə veteranı qadınlarına kifayət qədər köməklik eləyir. O müharibə veteranı qadın yoxdu ki, Radə xanım onu tanımasın, ona dəstək olmasın.

Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan qadınının acı həyat hekayəsindən bəhs edən “Bitməyən əzab” sənədli filmi var. Ssenari müəllifi və direktoru Etibar Məmmədov, redaktoru Büllur Cavadqızı, operatoru isə Ramin Şahbazovdur. Filmə baxanlar birmənalı olaraq belə nəticəyə gəlirlər ki, əsər yalnız müharibənin od-alovundan keçmiş bir qadının ağlına gələrdi və... yanılmırlar - I Qarabağ müharibəsi veteranı, tibb bacısı Radə Abbas layihənin rəhbəri, ideya müəllifidir.

Muharibə zamani yaşanmiş real faktlara istinadən çəkilmiş filmin təqdimatı ötən ilin noyabr ayında Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaslarla əlaqədar Dövlət Komissiyasi və Azərbaycan Respublikasi Diasporla İş üzrə dövlət komitəsinin birgə təşkilatçılığı ilə Niderlandda baş tutub.

Filmin nümayişindən öncə təşkilatçılar öz cıxışlarında əcnəbi qonaqlara Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalı və 1 milyondan artıq məcburi koçkünün olmasından, 4 minə yaxin soydaşımızın itkin düşməsindən danışıblar. Bu munaqişənin qurbanı olan 265 qadının aqibətindən hələ də heç bir xəbərin olmadığına diqqət çəkilib. Daha sonra tamaşaçılar erməni əsirliyində olan 70 yaşlı Azərbaycan qadınının 27 il bitməyən əzabını izləyiblər. Filmdə yaşlı qadının keşməkeşli taleyi ilə paralel əsir düşən digər azərbaycanlı qadınların da həyatı əks olunub.

Sənədli filmin məhz Avropada təqdim olunmasında məqsəd isə Dağlıq Qarabağ münaqişəsi və bu münaqişədən əziyyət çəkən azərbaycanlıların faciəsinin beynəlxalq aləmdə tanıdılması olub.

Radə Abbas müharibədən sonra Azərbaycan abidələrinin məhv edilməsinə və ermənilər tərəfindən oğurlanaraq öz adlarına keçirmələrinə qarşı mübarizə cəbhəsində də ön sıradadadır. Birlik sədri gəncləri təşkilata qoşulmağa və bu müstəvidə aktiv təbliğat işlərində iştirak etməyə çağırır.

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin gənclərlə apardığı iş də təqdirəlayiqdir. Təşkilat vaxtaşırı olaraq ali təhsil müəssisələrində müxtəlif tədbirlər, tələbələr arasında yazı müsabiqələri keçirir. Konkret layihələr əsasında bu müsabiqələrdə elan olunmuş mövzular üzrə fərqlənən tələbələrə diplomlar, onlara vətənpərvərlik hissləri aşılayacaq disk və kitablar verilir.

Radə xanım təkcə müharibə veteranı qadınlarına deyil, cəmiyyətin başqa zümrələrinin nümayəndələrinə də köməkliyini əsirgəmir. Həssas kateqoriyadan olan insanlara, şəhid ailələrinin üzvlərinə, əlillərə və ümumiyyətlə aztəminatlı vətəndaşlara qayğı da MVQSYİB-nin xüsusi əhəmiyyət verdiyi fəaliyyət istiqamətlərindəndir. İB-nin insan amilinə verdiyi böyük önəm COVİD-19 infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi rejim dövründə özünü göstərdi. Təşkilatın xəttilə xeyıli sayda ahıl yaşlı şəxslərə, aztəminatlı ailələrə yardım sovqatları paylanıldı. Bu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi QHT-lərin koronavirusla mübarizəyə həsr olunan onlayn ümumrespublika konfransında iştirak etmiş “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas öz çıxışında QHT-lərin pandemiya ilə mübarizə sahəsində fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı təkliflərini səsləndirmişdir.

Radə xanımın Vətən qarşısında xidmətləri xalqımız, dövlətimiz və beynəlxalq ictimaiyət tərəfindən qiymətləndirilib. Radə Abbas Dünya Dinlərarası Beynəlxalq Sülh Federasiyası Dünya Sülh Səfiri adına layiq görülüb. Bu il 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilən qadınlardan biri də Abbas Radə Sabir qızı oldu. Bu təltifi bütün döyüşçü həmcinslərinə verilən qiymət kimi qəbul edən Radə Abbas hər il olduğu kimi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin üzvləri ilə birgə ehtiram əlaməti olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günündə Şəhidlər Xiyabanında şəhid xanımların məzarlarını ziyarət etdi.Dəyərli Radə xanıma – bu mətin, alovlu vətənpərvər azəri qızına Qarabağın düşmən işğalından azad olunacağı, xalqımızın qeyrətli oğul və qızlarının mənəvi əzab və iztirablarının bitəcəyi günü görməyi arzu edirəm.

Nüşabə Əhməd
RADƏ ABBASLA “BİTMƏYƏN ƏZAB”IN SONUNA DOĞRU Xüsusi
RADƏ ABBASLA “BİTMƏYƏN ƏZAB”IN SONUNA DOĞRU Xüsusi
RADƏ ABBASLA “BİTMƏYƏN ƏZAB”IN SONUNA DOĞRU Xüsusi

Rəy yazın